09.10.2021
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr.Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği üçün münbit şərait yaratmışdır. Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsində töhfə vermiş, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilmişdir.
Təqdimat mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Dr.Volfqanq Maniq, dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi Həftəsi” elan olunduğunu və bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu bildirib.
Məlumat üçün bildirək ki, “nizamiganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanmışdır.
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrının təqdimatında Nizami Gəncəvinin “Xəmsə”si motivində hazırlanmış ədəbi-bədii kompozisiya, Gəncə Dövlət Filarmoniyasının solisti, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərovanın ifasında musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Nizami Gəncəviyə məxsus olan “Sənsiz” romansını, Filarmoniyanın musiqiçisi Ruhiyyə İsgəndərova isə royalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini təqdim etmişlər. Tədbirdə həmçinin Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin rəsm sərgiləri nümayiş etdirilmişdir