Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədiyyətə qovuşanlar” adlı görüş keçirilib

08.10.2021

       Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialının əməkdaşları  44 günlük Vətən müharibəsinin başlandığı gün 27 sentyabr Şəhidlərimizin anım günü ilə əlaqədar II Qarabağ müharibəsi şəhidi Abdulla Sultan oğlu Paşayevin ailəsi ilə “Əbədiyyətə qovuşanlar” adlı görüş keçirtdi. Görüşdə Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova da iştirak edirdi. İlk öncə şəhidin dəfn olunduğu Gəncə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olundu. Qəbri üzərinə gül-çiçək dəstələri düzüldü. Nur üzlü şəhidin xatirəsi anılıb, ruhuna dualar oxundu. Sonra tədbir iştirakçıları şəhidin anası Svetlana Abbasovanın yaşadığı ünvanı da ziyarət etdilər. Şəhidin anasına belə qəhrəman oğul böyütdüyü üçün minnətdarlıq edib, başını əymə “ŞƏHİD ANASI” deyə təskinlik verdilər. İştirakçılar Şəhid Abdulla Paşayevin keçdiyi qısa amma şərəfli həyat yolundan danışdılar. Şəhidin anası tədbir iştirakçılarına ziyarət üçün öz təşəkkürünü bildirdi. Yeganə təskinliyinin oğlunun Vətən uğrunda şəhid olması olduğunu qeyd etdi. Bu keçən bir il ərzində müxtəlif orqanların onun ailəsinə göstərdiyi diqqət və qayğıdan razılıqla söhbət açdı. Şəhid anası Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin və vitse prezident Mehriban Əliyevanın şəxsən onların ailəsinə baş sağlığı verdiyini minnətdarlıq hissi ilə xatırladı.

      Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Sultan oğlu  Paşayevin “Vətən uğrunda” medalı və Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Sultan oğlu Paşayevin ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğu qeyd edildi. Azərbaycanın igid, mərd, ölümün gözünə dik baxan oğullarından olan II Qarabağ müharibəsi şəhidi Abdulla Sultan oğlu Paşayevin xatirəsi daima qəlblərdə yaşayacağı xüsusi vurğulandı.