08.10.2021
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində almaniyalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Almaniya münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində səfir Volfqanq Maniq Nizami Gəncəvi Məqbərə Kompleksində də olub. O, dahi şair və müətəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradılıcığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Muzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Şərq dünyası ədəbiyyatı" mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib.
Tədbirdə həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər mədəniyyət işçiləri iştirak etmişlər.