07.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi 6 oktyabr 2021-ci il tarixində “Ucalardan uca tutulan Vətən andı” adlı onlayn anım günü keçirib.
Tədbir 44 günlük Vətən müharibəsinin şəhidi Hümbətov Ruslan Səlim oğlunun əziz xatirəsinə həsr edilmişdir.
İlk növbədə ölkəmizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva qeyd etdi ki,44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilk gündən samuxluların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu.
Samux rayon MKS-nin Əhmədbəyli kənd kitabxana filialının müdiri Gülər Kərimova hazırki şəraitdə qazi və şəhid ailələrinə diqqət və qayğının artırılması barədə Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarının həyata keçirilməsinin vacib olduğunu vurğuladı.Onlar,bildirdi ki, şəhid ailələri və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Samux rayonunda da diqqət mərkəzində saxlanılır.
Tədbirin növbəti hissəsində oxuculara xidmət şöbəsinin kitabxaçısı Ləman Əliyevanın hazırladığı Samux şəhidi Hümbətov Ruslan haqqında videoçarx nümaiş olundu.
Daha sonra Samux rayon MKS-nin Sarıqaya kənd kitabxana filialının müdiri Tahirə Abbasova qeyd etdi ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.