27.09.2021
27.09.2021-ci il tarixində Gəncə şəhəri Şəhidlər xiyabanında 27 sentyabr Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.
Tədbirdən əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının Komandanı general-mayor Ənvər Əfəndiyev, Hüquq mühafizə orqanlarının rəhbərləri və Gəncədən olan millət vəkilləri Ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanındakı möhtəşəm abidəsini ziyarət etmişlər.
Sonra şəhərin Şəhidlər xiyabanında 27 sentyabr Anım Günü ilə əlaqədar ümumşəhər anım günü keçirilmişdir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov və ictimaiyyət nümayəndələri şəhidlərin şəkillərini əks etdirən xatirə lövhəsi ilə tanış oldular.
Şəhər rəhbərliyi fəxri qarovulun müşayiəti ilə Fəxri xiyabandakı “Əbədi məşəl” abidəsinin önünə gələrək əklil qoydular.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhərinin Nizami və Kəpəz rayon İcra Hakimiyyətinin başçıları, Türkiyə və Gürcüstanın baş konsullarını hüquq-mühafizə orqanlarının, millət vəkillərinin, məhkəmə sədrlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə “Əbədi məşəl” önünə gül qoydular.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Gəncə Dövlət Dram Teatrının aktyorları şəhidlərin xatirəsinə həsr olunmuş, teatrın aktyoru, müharibə iştirakçısı, qazi Həsən Cəfərov qələmə aldığı “Millətim” adlı poeması əsasında hazırlanmış “Şuşa sən azadsan” adlı ədəbi-bədii kompozisiya təqdim edildi.
Din xadimi tərəfindən şəhidlərin əziz ruhuna dualar oxundu, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.