27.09.2021
27.09.2021-ci il tarixində Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı Soyqırımı abidəsinin qarşısında Vətən müharibəsi şəhidlərinin ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak etdilər.
İlk öncə abidə önünə gül dəstələri qoyuldu. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Xocalı rayon İcra Hakimiyyətinin Başçısının Humanitar məsələlər üzrə müavini Lamiə Qarayeva açaraq Vətən müharibəsi haqqında ümumi məlumat verdi. Sonra çıxış üçün söz I Qarabağ Vətən müharibəsinin şəhidi, Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənovaya verildi.
Lətifə xanım həm I, həm də II Qarabağ Vətən müharibəsi zamanı Azərbaycanın igid oğlanlarının düşmənə qarşı həmişə əzmlə mübarizə apardığını və son damla qanına qədər vuruşduqlarını qeyd etdi.
Sonra çıxış üçün söz Vətən müharibəsi iştirakçısı leytenant Təbriz Ağayevə verildi. O, Vətən mübaribəsi zamanı döyüş yoldaşları, əsgərləri ilə birlikdə düşmənə qarşı amansız mücadiləsindən, əsl Azərbaycanlı balası kimi Vətən borcunu şərəflə yerinə yetirdiyindən danışdı.
Sonda çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Şahmar Usubov müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, onun uğurla apardığı daxili və xarici siyasətdən danışdı. Bildirdi ki, bu siyasət sayəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşmən tapdağından azad olundu və düşməndən tarixi qisasımız alındı. Sonda şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilənildi.
Sonda ağacəkmə aksiyası keçirildi.