Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XII əsr Gəncədən dünyaya saçan nur” adlı onlayn konfrans keçirilib

10.09.2021

10.09.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin  24 saylı kitabxana filialı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının  880 illiyi münasibətilə "XII əsr Gəncədən dünyaya saçan nur" adlı onlayn konfrans keçirdi. Konfransı açan kitabxana filialının müdiri Rahilə Qasımova söylədi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinə diqqət və məhəbbətin səkkiz yüz səksən  illik bir tarixi vardır. Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan şairin əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinədir.
Tədbirdə  Bakı  Slavyan Universitetinin Tərcümə fakültəsinin Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının dosenti Ofelya Tağıyeva, Az.TU-nin ictimai elmlər və multikulturalizm kafedrasının  baş müəllimi filoloq  Zəminə Novruzova,  GDU-nin Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq elmi  şöbəsinin elmi işçisi Hürnisə Bəşirova, GDU-nin Azərbaycan  və dünya  ədəbiyyatı  kafedrasının  müəllimi Vüsal Hicran, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gəncə yazıçılar birliyinin baş məsləhətçisi Aləmzər Əlizadə,  AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Aləmzər Tağıyeva və Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər.
Çıxış edənlər qeyd etdilər ki, Nizami Gəncəvi bütün dövrlərin mütəfəkkiri  və Azərbaycan poeziyasının korifey şairidir. O, dünya mədəniyyəti xəzinəsinə misilsiz  əsərlər bəxş etmişdir. Nizami tarixə hər şeydən əvvəl, Şərq poeziyasında yeni ədəbi cərəyanın banisi epik-dramatik  janrın yaradıcısı kimi daxil olmuşdur. Onun  məşhur "Xəmsə"si Şərq xalqlarının mədəniyyət tarixində yeni səhifə açmışdır. Çıxış edənlər Nizami Gəncəvinin bütün əsərlərindəki vətənpərvərlik,  beynəlmiləlçilik, dərin xəlqilik ideyaları haqqında ətraflı məlumat verdilər. Şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuşdur.
Tədbirdə qeyd edildi ki, bu gün də bütün yer kürəsində Nizaminin milyonlarla oxucusu var, onlar Azərbaycan şairini sevir, əsərlərini böyük maraqla oxuyurlar.
Konfransda Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş slayd nümayiş etdirildi.