29.08.2021
28.08.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Gəncə Şəhər Mərkəzi Kitabxana Sistemi, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Şirvan Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə "Ballıqaya qətliamı- erməni vəhşiliyinin tarixi şahidi " mövzusunda onlayn seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tariximizdə erməni vəhşiliyinə şahidlik edən tarixi qətliamlardan olan Ballıqaya qətliamının dəhşətindən, ermənilərin zaman-zaman ilk fürsətdə xalqımıza qarşı törətdikləri insanlığa sığmayan hərəkətlərindən danışdı. Bildirdi ki, erməni quldurları Goranboy rayonunun Ballıqaya adlanan ərazisində 1992-ci ilin bu günündə gecə yuxuda olan dinc əhaliyə qarşı ağır silahlardan istifadə edərək qətliam törətmiş, uşaq, yaşlı, qadınlara işgəncələr vermiş, onları və evlərini yandırmışlar. Eyni zamanda dünya ölkələrinin hələ də xalqımıza qarşı törədilmiş bu cinayətə göz yumduğunu ona hüquqi qiymət vermədiyini, görməzdən gəldiyini ürək ağrısı ilə vurğuladı. Tədbirdə çıxış edən Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva, Gəncə şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Tərifə Abbasova, Samux MKS-in Sarıqaya kənd kitabxana filialının müdiri Tahirə Abbasova, Yuxarı Ağasıbəyli kənd kitabxana filialının müdiri Nəsrəddin Bayramov və digər iştirakçılar mövzu ətrafında geniş fikir bildirdilər.