28.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28.07.21-ci il tarixdə 30 iyul İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə aid "İnsan alverinə qarşı mübarizədə səssiz qalma" başlıqlı onlayn tədbir keçirdi. Kitabxana filialının müdiri Rahilə Qasımova tədbiri açaraq insan alveri bütün dünyanı narahat edən ən aktual məsələ olduğunu söylədi və 30 iyul İnsan alverinə qarşı beynəlxalq mübarizə gününün hansı zəruriyyətdən yaradılması haqqında məlumat verdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov, Samux rayonunda fərdi fəaliyyət göstərən, vəkillər kollegiasının üzvü hüquqşünas Fuad Xəlilov, Gəncə Dövlət Universitetinin psixoloq kafedrasının baş müəllimi Alvina Babayeva, Təmas Regional İctimai Birliyinin Təşkilatı rəhbəri və təsisçisi Kübra Ələkbərova, Gəncə şəhər Təhsil İdarəsi metodisti, psixoloq Vüsalə Balayeva, Regional İnkişaf üzrə Maarifləndirmə İctimai birliyinin sosial işçisi İnarə Məmmədova və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konversiya imzalanması haqqında ətraflı maarifləndirmə xarakterli məlumatlar verdilər. Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" 16 may 2005-ci il tarixli Varşava Konversiyasından, 11 may 2010-cu ildə Azərbaycanın bu konversiyaya qoşulmasından, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edilməsindən, eyni zamanda xüsusi polis qurumu yaradılmasından da danışıldı.
Tədbirdə qeyd edildi ki, insan alverinin qurbanları arasında qadınlar, uşaqlar daha çox üstünlük təşkil edirlər. İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir. Konversiyada əsasən, bu qəbildən olan işlərin araşdırılmasında gender bərabərliyinin qorunması və uşaq hüquqlarının müdafiəsinin vacibliyi qeyd edilib.
Sonda insan alverinin qurbanlarına aid videoçarx nümayiş etdirildi. Tədbirdə insan alveri qurbanları üçün Gəncə şəhərində sığnacaq fəaliyyət göstərildiyi qeyd edildi və 152 qaynar xəttin 7 gün 24 saat zəngləri qəbul etməsi vurğulandı.