28.07.2021
27 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon mədəniyyət evində mədəniyyət evinin təşkilatçılığı ilə Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Xocalı şəhər 5 saylı klubu ilə birgə “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri ideyalar” mövzusunda masa ətrafında tədbir keçirildi.
Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından qısa danışdı. Sonra onun ümumbəşəri ideyalara söykənən fəlsəfi, psixoloji görüşlərini təhlil etməyə çalışdı. O bildirdi ki, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil. Onun ölməz ideyaları öz dövrünü xeyli qabaqlamış, humanizm, ülvi məhəbbət, fədakarlıq haqqında, ədalətin bərqərar olması uğrunda fəal mübarizə aparmağın yollarını göstərmişdir. O, zülmkarlığa qarşı etiraz səsini ucaltmış, hökmdarlara, padşahlara qarşı o dövr üçün son dərəcə cürətli sayılan fikirlər irəli sürmüşdür.
Xocalı rayon Mərkəzi Kitabxanasının direktoru Bəhram Məmmədov çıxış edərək qeyd etdi ki, Nizami öz əsərlərində yeniliklə birgə, keçmişi də qiymətləndirməyə, unutmamağa çağırır. O deyir ki, "Keçmişin çil-çırağına daş atmaq, yetimlərin malına əl uzatmaq kimi bir şeydir". Ən əsası, onu demək olar ki, o həm də tədqiqatçı alim olub. Məsələn "İsgəndərnamə" poemasını yazmamışdan əvvəl İsgəndər haqqında kitab kimi yazılı heç bir mənbə tapmamışdır. İsgəndər haqqında yəhudi, nəsrani, pəhləvi dillərində yazılan əlyazmalardan istifadə etmişdir. "Yeddi gözəl"i yazanda bütün şahların tarixini öyrənmişdir.