27.07.2021
27 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə Nizami Gəncəvi Muzeyinin qarşısında “Nizami Gəncəvi ili” çərçivəsində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Nizami Gəncəvi Məqbərəsi ziyarət olundu, onun məzarı üzərinə təzə-tər qərənfillər düzüldü.
Sonra Nizami Gəncəvi Muzeyinə ekskursiya təşkil olundu. Tədbir Nizami Gəncəvi Muzeyinin qarşısında davam etdi.
İlk olaraq II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan övladlarının əziz xatirəsinə ehtiram olaraq F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Muğam” üçlüyünün ifasında (Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin səs-muğam sinfinin müəllimi, Filarmoniyanın solisti Xəyal Əliyev, Telman Hacıyev adına 2 nömrəli uşaq musiqi məktəbinin tar ifaçısı Çoşğun Süleymanov və həmin məktəbin kamança ifaçısı Ayxan Məmişov) məşhur “Xudayar təsnifi” təqdim olundu.
Tədbirin aparıcısı N.Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova sözü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verdi.
Vasif Cənnətov tədbir iştirakçılarını salamladı. O, ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu ilin “Nizami Gəncəvi ili” elan olunmasından, Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrindən və Gəncə Regional Mədəniyyət İdarəsinin Tədbirlər planından danışdı.
Vasif Cənnətov bildirdi ki, regional idarənin təşəbbüsü və təşkilatçılığı ilə Nizami Gəncəvi ili çərçivəsində bir çox silsilə tədbirlər canlı və ya onlayn şəkildə keçirilmişdir. Regional İdarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində ilin əvvəlindən ta bu günədək keçirilən maraqlı tədbirlər ilin sonuna kimi davam edəcəkdir.
Bu gün Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialı ilə birgə “Nizami və vətənpərvərlik” mövzusunda təşkil edilən tədbirimiz həmin silsilə tədbirlərin davamıdır və bu tədbirdə respublikamızın paytaxtı Bakı şəhərindən, Goranboy və Gədəbəy rayonlarından gələn qonaqlar iştirak edirlər.
Söz Azərbaycan Milli Elmlər Akademiyasının Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Təhminə Bədəlovaya verildi.
O, “Nizami yaradıcılığında vətənpərvərlik” mövzusunda ətraflı çıxış etdi.
Tədbirdə həmçinin Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər “Maarif evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, Gəncə şəhər “Gənclər evinin” direktoru Amil Qurbanov, Gədəbəy rayon Təhsil İdarəsinin aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı, Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Allahverdiyeva, Goranboy rayonu Səfikürd kənd orta məktəbin VII sinif şagirdi, gənc və istedadlı yazar Qismət Məmmədov çıxış etdilər.
Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin İbrahimli sulu boya ilə çəkdiyi Nizami Gəncəvinin portretini Gəncə Regional Mədəniyyət İdarəsinə hədiyyə etdi.
“Nizami və vətənpərvərlik” mövzusunda keçirilən tədbir Gəncə Dövlət Filarmoniyasının Muğam üçlüyünün Nizami Gəncəviyə həsr etdiyi musiqi nömrəsi ilə başa çatdı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirin bütün iştirakçılarına öz səmimi minnətdarlığını bildirdi.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərəsi filialının direktoru Gülnarə İsmayılova yerli və respublika TV-nə müsahibə verdi.
Sonda xatirə şəkli çəkildi.