Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əkinçi və Milli Mətbuat” başlığı altında onlayn tədbir keçirilmişdir

23.07.2021

            Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 22.07.2021-ci il tarixdə 22 iyul Milli Mətbuat və Jurnalistika gününə həsr olunmuş “Əkinçi və Milli Mətbuat” başlığı altında onlayn tədbir keçirdi. Tədbiri 1 saylı filalın kitabxanaçısı Şəhla İlyasova açaraq, tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, bundan tam 146 il qabaq bu günki gün yəni 1875-ci ilin 22 iyulunda Azərbaycanda öz doğma ana dilində ilk qəzet “Əkinçi” qəzeti çapdan çıxmışdır. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra qəzetin nəşrinə icazə almış, qəzetin naşıri, redaktoru, korrektoru da özü olmuşdur. Cəmi iki ildən az bir müddət artıq, ayda iki dəfə 300-400 tirajla çap olunmuş “Əkinçi” qəzetinin 56 nömrəsi işıq üzü görmüşdür. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar müəyyən dairələri rahatsız etməyə bilməzdi. Üstəlik çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi” nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Sonra çıxış üçün sözü qonaqlara verdi. Tədbirdə GDU-nin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, şair, tədqiqatçı Ramiz Təmkin, “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İsmayılova, çox gənc olmasına baxmayaraq artıq tanınan, müstəqil jurnalist Kamran Yusifzadə çıxış etdilər. Çıxışçılar qəzetin çapı, ideya məzmun cəhətləri, özündən sonra başqa nəşrlərə təsiri, Milli Mətbuatımızın banisi Zərdabi və qələm dostları barədə, müasir mətbuatımız və sair mövzularda maraqlı, əhatəli, dərin məzmunlu çıxışlar etdilər. Sonra kitabxanaçı çıxış etmək üçün sözü MKS-nin direktor əvəzi Fəridə Qədimovaya verdi. Sonda kitabxanaçı iştirakçıların timsalında bütün jurnalistlərin peşə bayramlarını təbrik etdi. Jurnalistika sənətinin çox çətin, fədakarlıq tələb edən bir peşə olduğunu vurğuladı. Belə bir gündə şəhid jurnalistlərimizin xatirəsini də yad etməyin bizim üçün bir borc olduğunu xüsusi qeyd etdi. Tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.