17.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı II Qarabağ müharibəsi şəhidi Təqi Əsgərovun xatirəsinə həsr edilmiş "Şərəfli ömür-şəhidlik zirvəsində" başlıqlı onlayn anım günü keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, Şəhid Təqi Əsgərovun qısa lakin şərəfli ömür yolu haqqında məlumat verdi.
Tədbirdə şəhidin anası, qardaşları, bacıları, döyüş yoldaşları Ayaz, Nuran, dostları, 6 saylı orta məktəbin müəllimi Təqinin sinif rəhbəri Dilşad Novruzova, həmin məktəbin Gənclərin Çağrışa qədərki hazırlıq rəhbəri I Qarabağ müharibəsi iştirakçısı baş leytenant Nəriman Sadıqov, kitabxananın əməkdaşları, MKS-nin direktor müavini və istifadəçilər iştirak etdilər. Təqinin döyüş yoldaşları onun cəbhədə əsl qəhrəman kimi vuruşduğunu, hər zaman öndə getdiyini, heç nə düşünmədən, qorxmadan vətən üçün ölüm-dirim savaşında göstərdiyi igidliyindən danışdılar. Təqi Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd rayonlarının işğaldan azad olunmasında topçu kimi fəaliyyət göstərmişdir. 9 noyabrda tarixi zəfər qələbəyə saatlar qalmış Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə Təqi qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Son döyüşdə düşmənin atdığı minamyotdan aldığı çox saylı qəlpə yaraları onun vətən üçün çırpınan hərarətli qəlbinin döyüntüsünə son qoydu. Tədbir iştirakçıları söylədilər ki, 44 günlük Vətən müharibəsində şəhidlər qanları ilə öz adlarını Azərbaycan tarixinə yazdılar.
Təqi Ali Baş Komandan tərəfindən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Füzulinin, Xocavəndin, Şuşanın azad olunmadına" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur. Tədbirdə Təqi Əsgərova həsr edilmiş videoçarx nümayiş etdirildi. Sonda kitabxananın oxucusu Mədinə Orucova "Qəhrəman" adlı şeir söylədi.