16.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı – ana obrazlarının mahir ifaçısı, Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevanın anadan olmasının 95 illik yubileyi münasibətilə “Gəncə səhnəsindən doğan günəş” adlı görüş keçirdi.
Görüşü 1 saylı filialın böyük kitabxanaçısı Mənzər Məlikova açdı və sözü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verdi. Vasif Cənnətov: “Sədayə Mustafayevanın sənət yolu Azərbaycan Mədəniyyətinin şanlı səhifələrindən biridir. Bu yol nəsillərə nümunə ola biləcək şanlı bir həyat yoludur! –dedi və bütün tədbir iştirakçılarına uğurlarını dilədi. Tədbirdə, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Gəncə Dövlət Dram Teatrının kollektivi, Mingəçevir Dövlət Dram Teatrının kollektivi, Salyan Dövlət Kukla Teatrının kollektivi, Gəncə Dövlət Kukla Teatrının kollektivi iştirak etdi. Daha sonra, tədbirdə Sədayə Mustafayevanın həyat yoluyla bağlı qısa bir videoçarx yayımlandı. Millət vəkili Pərvin Kərimzadə Sədayə Mustafayevanın teatr tariximizdə danılması mümkün olmayan yeri olduğundan, kino tariximizdə adını əbədiləşdirməsindən bəhs etdi. Daha sonra söz, Mingəçevir Dram teatrının aktrisası, Xalq artisti, Prezident mükafatçısı Ella Yaqubovaya, Xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımovaya, şairə, dramaturq Xəzangül Hüseynovaya, şairə, dramaturq Aləmzər Əlizadəyə, Gəncənin səsi qəzetinin qəzetinin baş redaktoru Rəfiqə Sadıqovaya verildi. Daha sonra isə söz teatrşünas, tənqidçi, Sədayə Mustafayevanın övladı Anar Bürcəliyev Məhəmməd oğluna verildi. Anar Bürcəliyev Sədayə Mustafaye ilə bağlı xatirələrindən və onun işindən bəhs etdi. Və bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. Sonda isə söz Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimovaya verildi. Və Fəridə Qədimova hər bir xalqın həyatında, ictimai mühitində, elm, sənət dünyasında elə şəxsiyyətlər olur ki, onların ömür yolu əbədi olaraq mənəvi bir məktəb kimi nəsillərə örnək olur. Belə şəxsiyytələr ümumxalq sevgisi qazanır, yaşadıqları zaman kəsiyində də, dünyalarının dəyişdikdən sonra da öz layiqli qiymətini alır.