25.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı birlikdə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar “Güclü Azərbaycan Ordusu şanlı zəfərini tarixə yazdı” mövzusunda videokonfrans keçirdi.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna xüsusi diqqətlə yanaşır.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Mərkəzin direktor əvəzi İlknur İsgəndərova, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva öz çıxışlarında qeyd etdilər ki, Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Dahi şəxsiyyətin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər ordusu 30 illik işğala son qoydu. 44 günlük Vətən müharibəsində Qələbə qazandı.
Tədbirdə həmçinin vaxtilə Ulu Öndər Heydər Əliyevin 3 dəqiqəyə mayor etdiyi baş leytenant Arif Məmmədov iştirak edirdi. Hərbiçi Arif Məmmədov öz xatirələrindən bəhs edərək qeyd etdi ki: “Mən müharibənin ən qızğın çağlarında, ən qızğın nöqtələrində ölümlə üz-üzə, göz-gözə dayanmışam. Olub ki, günlərlə erməni mühasirəsində qalmışam. 1998-ci il 8 dekabrda Müdafiə Nazirliyinin yığıncağında Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi möhtəşəm məclisdə mən çıxış elədim. 6-7 dəqiqəlik çıxışımı televiziyanın bütün kanalları da verdi. Mənim çıxışımı Ulu Öndər çox diqqətlə izlədi. O məni öpdü, qucaqladı, başımı köksünə sıxdı. Mən də kövrəlmişdim. Ona görə ki, müharibədə keçirdiyim hiss və duyğuları o böyük Ulu Öndər çox gözəl hiss edirdi. Onun gözlərindəki şəfqət dəfələrlə mənim çıxışımı yarıda kəsdi. Mən onda baş leytenant idim. Elə o anda ali baş komandan Azərbaycan Respublikasının Müdafiə Nazirinə göstəriş verdi ki, mənə birbaşa mayor rütbəsi versin. İndi mən universitetdə hərbi vətənpərvərlik haqqında danışanda tələbələrə deyirəm, baxmayaraq ki, mən hər an düşmən gülləsinə tuş gələ bilərdim. Ancaq mən orda Vətənimi, torpağımı, insanlarımı qoruduğum üçün ölüm qorxusu məndən aşağıda idi”. O, bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi
Sonda Mərkəzin elmi işçisi Gülər Ellazovanın Silahlı Qüvvələr günü ilə bağlı hazırladığı video-çarx nümayiş etdirildi.