Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya bəşəri faciədir” mövzusunda onlayn tədbir keçirdi.

19.06.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Ombudsmanın Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Narkomaniya bəşəri faciədir” mövzusunda onlayn tədbir keçirdi. 
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, XX əsrin qorxulu bəlasına çevrilən, “Ağ ölüm” adını almış narkomaniya qarşısıalınmaz təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Çox təəssüf ki, bu bəlanın əsirinə çevrilənlər əsasən yeniyetmə və gənclərdir. 
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək qeyd etdi ki, Mərkəzimiz gənclər və yeniyetmələr arasında daim bu istiqamətdə  söhbətlər aparır, onlarla birgə layihələr hazırlayır, onlara maarifləndirici ədəbiyyatlar paylayırlar.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva çıxışında bildirdi ki, MKS-nin bütün filialları oxucuları və yeniyetmələri belə tədbirlərə  cəlb etməklə onların narkomaniya haqqında daha çox məlumat almasına çalışır.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy çıxış edərək qeyd etdi ki, narkomaniya haqqında tərbiyə ilk əvvəl ailədən başlamalıdır. Bu bəlanın qorxulu nəticələri, insan həyatında yaratdığı fəsadlar haqqında ailədə yetərincə məlumata malik olan gənc cəmiyyətdə özünü müdafiə etməyi bacarır.  
Gəncə şəhər Molla Pənah Vaqif  adına 8 №-li orta məktəbin 9-cu sinif şagirdi Fatimə Bağırova çıxış edərək bildirdi ki, belə zərərli vərdişlərdən uzaq olmaq üçün biz yeniyetmələr valideynlərimizin, müəllimlərimizin tövsiyyələrini dinləməli, onlara əməl etməliyik. Bununla da biz həm sağlam gələcəyimizi təmin edərik, həm də ətrafımızda olan doğmalarımızı qorumuş olarıq. 
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərmanı dövlətin bu mübarizədə əsas strateji xəttini müəyyənləşdirir. 
Sonda Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov verilən sualları cavablandırdı. 
Tədbirdə Gəncə şəhər 29 №-li orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.