17.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin 2020-2021-ci tədris ilinin yekunu ilə bağlı hesabat konserti oldu.
Hesabat konsertində Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov və məsləhətçisi Tacir Qurbanov iştirak etdilər.
Tədbiri məktəbin tədris işləri üzrə direktor müavini Ruhanə Həsənova acaraq, qonaqları salamladı və hesabat məruzəsi ilə çıxış etdi.
Hesabat konserti, məktəbin müəllimi Gülbəniz Həsənovanın rəhbərlik etdiyi xor kollektivinin ifasında A.Səmədqızının bəstəsi olan “Azərbaycan” mahnısı ilə başladı.
Sonra şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblının (bədii rəhbər və dirijor Xəyal Qəhrəmanov) ifasında “Heyratı” ritmik muğamı təqdim olundu.
Məktəbin skripkaçalanlar ansamblı (müəllim Sevil Rüstəmova) Q.Qarayevin “Dəniz neftçiləri” əsərini ifa etdi.
W.Donaldsonun “Yes sir! That`s My Baby” əsərini fortepiano şöbəsinin şagirdləri Qazaxıstanda keçirilən “Zvyozdıy Olimp” və respublikamızda keçirilən “Üç alov” beynəlxalq müsabiqələrin diplomatları Nərmin Bağırzadə və Fidan Tağızadə ifa etdilər.
Bəstəkar Şainskinin “Timsah Genanın mahnısı”nı kamança sinfinin şagirdi Zümrüd Xəlilzadə (müəllim Murad Abdullazadə) kamançada ifa etdi.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Rəqs”ı tarda məktəbin şagirdi Eyyub Quliyev (müəllim Musa Bayramov) təqdim etdi.
Kabalevskinin “Rəqs tokkata”sını fortepianoda, Akademik Xalq və Caz musiqi I Beynəlxalq müsabiqəsinin diplomantı Mehriban Rəhimli (müəllim Fidan Xəlilzadə), “Rumun” rəqsi “Şapta sker”i qanunda Zülfiyyə Bağırova (müəllim Aysel Həsənova), V.A.Mosartın “Rondo”sunu qarmonda, Qazaxıstanda keçirilən “Zvyozdıy Olimp” musiqi festivalının diplomantı Şahin Əliyev (müəllim Xəyal Qəhrəmanov), M.Dvorjakın “Etüd №6” əsərini fortepianoda Qazaxıstanda keçirilən “Qrand Musiqi Festivalı”nın diplomantı Nurlana Quliyeva (müəllim Nərgiz Quliyeva) ifa etdilər.
“Avaz” televiziya muğam müsabiqəsinin qalibi və Qran Pri mükafatçısı Ramin Hüseynov (müəllim Hüseyn Abbasov) “Dilkeş” təsnifini təqdim etdi.
Hesabat konserti məktəbin nağaraçalanlar ansamblının (bədii rəhbər Xanlar Cəfərov) ifasında “Azərbaycan ritmləri” ilə başa çatdı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov maraqlı hesabat konserti üçün məktəbin direktoru Səadət Məmmədbəyovaya, şagird və müəllimlərə öz minnətdarlığını bildirdi, tədris ilinin uğurla başa çatması münasibəti ilə onları təbrik etdi və xoş yay tətili arzuladı.
Hesabat konsertində iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova maraqlı konsert üçün məktəb rəhbərliyinə pedaqoji kollektivə, şagirdlərə təşəkkür etdi, onlara daha böyük uğurlar arzu etdi.