27.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28 may Respublika gününün 103 illiyinə həsr edilmiş "Şərqin ilk Demokratik Respublikası" başlıqlı onlayn videokonfrans keçirdi. Videokonfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və hamını Respublika günü münasibətilə təbrik etdi. 44 günlük vətən müharibəsindəki tarixi Zəfər qələbəsindən sonra ilk dəfədir ki, bu bizim fəxrlə, qürurla, iftixarla danışdığımız 103 illiyini qeyd etdiyimiz Respublika günümüzdür.
Tədbirdə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Aləmzər Tağıyeva, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, professor Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Mustafayeva, 2 saylı peşə liseyinin tarix müəllimi Yeganə İbrahimova, Gəncə şəhər Cəfər Cabbarlı adına Dram Teatrın əməkdar artisti Rəhilə Məmmədova, Gəncə MKS-nin direktor müavini Fəridə Qədimova, kitabxananın əməkdaşları və kitabxananın fəal oxucuları iştirak etdilər. Çıxış edənlər Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu söylədilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.
Bu gün müstəqil Azərbaycanda 1918-ci ildə xalq cümhuriyyətini yaradanları, təşkil edənləri, xalq cümhuriyyəti hökumətinin bütün üzvlərini minnətdarlıq hissi ilə xatırlayırıq. Müstəqil Azərbaycan Cümhuriyyəti qisa ömründə böyük nailiyyətlərə və qalibiyyətlərə imza atdı. 1991-ci ildə Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etdi. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ictimai-siyasi sabitliyi bərqərar etdi.
Azərbaycan dövlət müstəqilliyi gündən-günə möhkəmlənir, inkişaf edir və dönməz olmuşdur.
Tədbirdə Gəncə şəhər "İstiqlal" müzeyindən videoçarx nümayiş etdirildi.