24.05.2021
24 May 2021- ci il tarixdə Gəncə şəhəri Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən Azərbaycan şifahi xalq ədəbiyyatının görkəmli saz-söz ustadlarından olan Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Haqq aşığı Dədə Ələsgər” adlı musiqili poeziya saatı keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq Aşıq Ələsgərin həyat və yaradıcılığından qısa məlumat verdi. O, qeyd etdi ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkarlardan biridir. Qüdrətli el sənətkarının yaratdığı əsərlər aşıqlarımızın repertuarında geniş yer tutmuş, şənliklərin, məclislərin bəzəyinə çevrilmişdir.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış edərək qeyd etdi ki, xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Aşıq Ələsgər yalnız qüdrətli bir şair - aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, pir, bir övliya kimi heykəlləşmişdir.
Tədbirdə Mədəniyyət Mərkəzinin işçiləri, qəsəbə sakinləri və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialının işçiləri, saz kursunun həvəskar tələbəsi İsmayılzadə Əli Əmir oğlunun ifa etdiyi saz havalarının sədaları altında Aşıq Ələsgərin poeziyasından nümunələr təqdim etdilər.
Tədbir mövcud karantin rejiminə uyğun keçirilmişdir.