Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Rəşad Məmmədovun anası ilə onlayn görüş keçirilib

20.05.2021

19 May 2021-ci il tarixdə Gəncə şəhər Mir Cəlal Paşayev Ev Muzeyinin təşkilatçılığı ilə Gəncədən olan şəhid Məmmədov Rəşad Fərəməz oğlunun anası ilə onlayn görüş keçirilmişdir.

        Görüşdə Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin direktoru Elnurə Yusifova, müəllim və şagird kollektivi, H.Əliyev adına Mərkəzin direktor əvəzi İlknur İsgəndərova və kollektivi, Gədəbəy rayonu Tarix Diyarşünaslıq muzeyinin direktoru Afət Bağırova, Bakı Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Sevindik Nəsiboğlu, Xəzangül Möhsümova və başqaları iştirak edirdi.

       Görüşü giriş sözü ilə M.C.Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva açaraq 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalan Rəşad Fərəməz oğlu Məmmədovun döyüş yolundan danışdı. Muzeyin elmi işçisi Səadət Bağırova şəhidin keçdiyi ömür yolundan danışdı və görüş iştirakçılarını hazırladığı videoya baxmağa dəvət etdi.

        Söz şəhidin anası Rəfiqə xanıma verildi. Rəfiqə xanım oğlu haqqında danışdı, onun bir zamanlar arxeoloq olmaq arzusundan, sonra isə tarixçi müəllim peşəsini seçdiyini söylədi. O, şagirdlərinə “vaxt gələcək işğal altında olan torpaqlarımız azad olunacaq” – deyirdi.

Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16-nömrəli tam orta məktəbin direktoru Elnurə Yusifova çıxış edərək məktəbdə onun 2 il müddətdə bütün kollektiv tərəfindən necə hörmət qazandığını və şagirdlərin Rəşad müəllimin dərsində necə həvəslə iştirak etdiklərini qeyd etdi.

     Sonra söz Bakı məktəblisi Sevindik Nəsiboğluna verildi. Həvəskar şair şəhidlərə aid 200-dən çox vikipediya yaratdığından danışdı və şəhid Rəşad Məmmədova həsr etdiyi yeni şeirini oxudu.

      Tədbirdə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gədəbəy Tarix Diyarşünaslıq muzeyinin direktoru Afət Bağırova, Xəzangül Müslümova şəhid Rəşad Məmmədov haqqında danışaraq onun anası Rəfiqə xanıma baş sağlığı verdilər, Allahdan bütün şəhidlərə rəhmət dilədilər.

      Şəhid Rəşad Məmmədovun dərs dediyi 5-ci sinif şagirdi Əliyev Şəhriyar öz müəlliminə həsr etdiyi  “Şəhid” şeirini oxudu.

      M.C.Paşayev Ev Muzeyinin bələdçisi Dilbər Orucova  “Şəhid anası” şeirini söylədi.

      2020-ci ilin  noyabr ayının 8-də Şuşanın azad olunduğu gün şəhadətə ucalan Rəşad Məmmədovun xatirəsi həmişə ürəklərdə yaşayacaqdır.