Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Tariximizi yaşadan muzeylər» mövzusunda videokonfrans keçirildi.

18.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Gəncə şəhərində fəaliyyət göstərən muzey müəssisələrinin birgə təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə «Tariximizi yaşadan muzeylər» mövzusunda videokonfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. O, öz çıxışında qeyd etdi ki, milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan Ulu Öndər Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Muradov Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi və bildirdi ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər Heydər Əliyev respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Çıxışının sonunda Bəxtiyar Muradov Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin 80 illik yubleyinə həsr etdiyi «Poetik ekskursiya» kitabından bütün muzey işçilərinə həsr etdiyi «Təbrik» şeirindən bir parçanı təqdim etdi.

Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, İsrafil Məmmədov Ev Muzeyinin direktoru Eldəniz Babayev, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aygün İmanova, elmi işçisi Fidan Böyükbabalı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova, kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Könül Süleymanova öz çıxışlarına milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimizin qorunub saxlanmasının vacibliyindən bəhs etdilər. Onlar öz çıxışlarında qeyd etdilər ki, tarix və mədəniyyətin yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq muzey işçilərinin qarşısında duran başlıca vəzifələrdən biridir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.