07.05.2021
06.05.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar olaraq "dünyanın böyük azərbaycanlısı" olan Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltəraş, musiqiçi, xanəndə Vədud Müəzzin ilə "Ulu öndər xatirələrdə" mövzusunda onlayn konfrans keçirildi. Tədbirdə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri (Yasamal, Salyan, Kürdəmir, Hacıqabul, Qax, Naftalan, Bərdə, Şəmkir, Sabirabad ) həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün Elnurə İsgəndərovalar, Gəncə Mərkəzi Kitabxananın üzvləri həmçinin digər təşkilatların iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə açan Samux və Salyan Heydər Əliyev Mərkəzlərinin direktorları Nuranə Həsənova və Nübar Bayramova Vədud Müəzzin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Bildirildi ki, Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.
1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir[2]. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.
Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gəlib 10 ay burda qalır, müxtəlif heykəltəraşlarla görüşür. Xüsusən də heykəltəraş Azad Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra Ərdəbilə qayıtdaraq, orada böyük bir emalatxana götürüb işləməyə başlayır. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini düzəldib. Düzəltdiyim heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.
Məşhur müzəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. Bakıda Ağaxan Abdullayevlə tanış olaraq ondan Azərbaycan muğamlarını öyrənib. Habil Əliyev ilk dəfə İrana gələndə onun İran musiqiçiləri üçün ayrıca konserti keçirilib. İlk dəfə onda “Rast” muğamını başdan-ayağa oxuyaraq muğam oxumağa başlayır. Dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət konsertlər verirlər. 10 il həmin ansamblda çıxış edib. Daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir.
2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Daha sonra böyük sənətkar Vədud Müəzzin ulu öndərə bağlı olan xoş xatirələrini çox böyük həvəslə danışdı. Ulu Öndər Heydər Əliyevin onun yaradıcılığına göstərdiyi yüksək maraq və diqqəti xüsusilə vurğuladı. Onunla olan ilk görüşündən sərgilərdə birində çox uzun zaman Şah İsmayıl Xətainin rəsmini izlədikdən sonra "Şah İsmayıl Xətaini yalnız bu qədər gözəl canlandırmaq mümkün olardı" deməsi onun icəsənətin ən xırda incəlikləri haqqında danışması, öz vətəninə xalqına qarşı duyduğu sevgidən bəhs etdi.
Tədbir iştirakçılarından Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Mircəlal Paşayev adına ev Muzeyinin direkoru İradə İbayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə Aygün xanım İsgəndərovalar və başqaları ulu öndərin bütün xalq yaradıcılığı və incəsənətə göstərdiyi qayğıdan, Vədud Müəzzin yaradıcılığının vurğunluqlarından, Azərbaycan milli mədəniyyətini olduqca mükəmməl şəkildə tabloya köçürməsindən, Azərbaycan xalq muğamlarının, mahnılarının mahir ifaçısı olmağından, sazda mükəmməl ifasından böyük həvəslə danışdılar. Tədbir boyunca ulu öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edildi.