06.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzi Kitabxanada Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş “Aşıq Ələsgər-200” adlı onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq tədbir iştirakçılarını salamladı və Aşıq Ələsgər yaradıcılığı haqqında məlumat verdi.
Tədbirdə “Kəlbəcər harayı” qəzetinin redaktoru Köçəri Cəfərov, el ağsaqqalı Saday Musayev, Kəlbəcər rayon 106 saylı tam orta məktəbin Azərbaycan və ədəbiyyat müəllimi Gülşən Qurbanova, Uşaq İncəsənət Məktəbinin direktor əvəzi Ədalət Əliyev çıxış edərək Azərbaycan aşıq poeziyasının bütün dönəmləri üçün sənət simvolu olan Aşıq Ələsgərin klassik ədəbiyyatımızdan qaynaqlanan, zəngin aşıq sənətini dərindən mənimsəyən sənətkar istedad sahibi kimi, adət-ənənəsini, sevinc-kədərini, böyük sənətkarlıqla öz əsərlərində əks etdirməsindən, Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsinin Azərbaycanın bir çox aşıqları üçün əsil sənətkarlıq məktəbi olmasından danışdılar.
Tədbirdə Uşaq İncəsənət Məktəbinin saz müəllimi Oktay Musayev, aşıq Seyfəli Məmmədli Aşıq Ələsgərin “Göyçəgülü”, “Zarıncı” havalarını ifa etdilər.
Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və fəal oxuculardan Leyla Məmmədova, Turanə Əliquliyeva, Nərgiz Qəmbərova, Aysel Əliyeva və başqaları iştirak edirdilər.