09.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şəhidliyin Hacı Rauf zirvəsi” adlı onlayn tədbir keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, dostları, iş yoldaşları, cəbhə dostları və Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən, muzey, kitabxana və Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdilər.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Gəncə torpağının yetişdirdiyi bir çox igidlər Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar. Sağlığında ürəklərdə taxt quran Hacı Rauf Əsgərov belə igidlərimizdən biridir. Çıxışlardan əvvəl Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanovanın hazırladığı şəhid Hacı Rauf Əsgərova həsr olunmuş video-çarx nümayiş olundu.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradov Regional İdarənin rəisi Vasif Cənnətovun adından tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidimizin əziz xatirəsini yad edirik. II Qarabağ müharibəsində Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəmanlıq və rəşadət nümunəsidir. Bu gün təsəllimiz odur ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, Qələbə qazandıq!
Şəhidimizin anası Brilyant Əsgərova oğlu haqqında xatirələrini və onun xeyirxah əməllərindən oğlunun şəhid olmasından sonra xəbər tutduğunu danışdı. Şəhidin qardaşları Ramil və Emin Əsgərov, dayısı Şəmistan Nağıyev, dostları Aydın Əhmədov, Ramin Cənnətov, Ümid İsmayılov, bibisi oğlu İlkin Yusifli və döyüş yoldaşı Habil Allahverdiyev şəhid Hacı Rauf haqqında xatirələrini bölüşdülər, onun keçdiyi şərəfli döyüş yolundan danışdılar.
Sonda Mir Cəlal Paşayev Ev Muzeyinin bələdçisi Dilbər Orucova şəhidlərə ithaf etdiyi “Şəhid atası” şeirini, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova “Şəhid anası” şeirini söylədilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!