31.03.2021
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixin qanla yazılmış yaddaşı” mövzusunda onlayn tədbir keçirdi.
Tədbirdə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbin şagirdləri, kitabxananın oxucuları iştirak edirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, bu soyqırım Azərbaycan xalqının tarixində ən dəhşətli hadisələrdən biri kimi yadda qalıb. İllər ərzində, Azərbaycan 70 il Sovet İmperiyasının əsarətində qaldığı vaxtlarda bu dəhşətli faciəni yaddaşlardan silməyə, unutdurmağa çalışıblar. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixin bu qaranlıq səhifələri üzə çıxarıldı və bu dəhşətli faciənin həqiqətləri hər kəsə çatdırıldı.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilən bu faciə amansızlığına görə bəşər tarixində ən qanlı faciələrdən biridir. Bu qırğınlarda minlərlə günahsız, əliyalın insanlar ən qəddar üsullarla, əzab və işgəncələr verilməklə qətlə yetiriliblər.
Mərkəzin elmi işçisi Gülər Ellazova, bələdçisi Könül Süleymanova çıxış edərək qeyd etdilər ki, Azərbaycan xalqına qarşı 1905-1907, 1917-1918-1920-ci və 1948-1953-cü illərdə törədilən soyqırımlarına XX əsrin sonlarına yaxın Xocalı soyqırımı da əlavə olundu. Xalqımıza qarşı törədilən bu çirkin niyyətlər heç vaxt unudulmamalı, tarixin ibrət dərslərindən düzgün nəticə çıxarılmalıdır. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş soyqırımı bugünkü və gələcək nəsillərin yaddaşından silinməməlidir.
Mərkəzin bələdçisi Sevinc Əhmədova bu faciənin sübutlarından olan Quba Soyqırımı Memorial kompleksi haqqında danışaraq bildirdi ki, bu kompleksdə olarkən erməni vəhşiliyinin canlı şahidi olmuşdur. Oradakı insan qalıqlarının üzərində olan izlər erməni daşnaklarının vandallığını sübut edir.