11.03.2021
10 mart 2021-ci il tarixdə Xocalı rayon Mədəniyyət evinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq” adlı videokonfrans keçirildi. Tədbirdə Xocalı rayon Mədəniyyət evinin direktoru və işçiləri, Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov, Xocalı rayon gəncləri və məktəb şagirdləri iştirak etdi.
Tədbiri Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Məmmədov açaraq bildirdi ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. O, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı.
Tədbirdə çıxış edən natiqlər respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar.
Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı.