11.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 10 mart Milli Teatr Günü münasibətlə 10.03.2021-ci il tarixdə "Teatrın sayrışan işıqları" adlı görüş keçirdi. Görüşə Gəncə şəhər Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov və Əməkdar artist Rəhilə Məmmədova dəvət edilmişdir. 24 saylı kitabxana filialının müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və 10 mart Milli Teatr Gününün yaranması haqqında məlumat verdi. Sonra tədbirdə iştirak edən rejissor Elşad Əhmədov Gəncə Dram Teatrının yaradılması və teatrda səhnələşdirilmiş əsərlər haqqında ətraflı məlumat verdi. Rejissor həmçinin bu il Gəncə Dram Teatrının yaradılmasından 126 il ötdüyünü və bu müddətdə böyük bir aktyor nəslinin də yetişdiyini qeyd etdi. Elşad Əhmədov özünün pandemiya müddətində gördüyü yaradıcılıq işlərindən də danışdı. Sonra söz Rəhilə Məmmədovaya verildi. Aktirisa səhnədə aldığı rollardan və sevə-sevə iştirak etdiyi tamaşalardan danışdı. Rəhilə xanım Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş Elşad Əhmədovun rejissorluğu ilə hazırlanmış videoçarxda da iştirak etdiyini söylədi. Əməkdar artist öz sözünü Nizami Gəncəvinin bir qəzəli ilə bitirdi. Sonda MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova hər iki qonağa öz təşəkkürlərini bildirdilər, Milli Teatr günü münasibətlə təbrik etdilər və bol-bol sənət uğurlar arzuladılar.