Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvinin irsinin təbliğində rolu” mövzusunda videokonfrans keçirildi

18.02.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə Dövlət Regional Kolleci birgə "Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvinin irsinin təbliğində rolu" mövzusunda videokonfrans keçirdi. Tədbiri açıq elan edən Mərkəzin elmi işçisi Gülər Ellazova öz çıxışında qeyd etdi ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova "Nizami dühası dünya şərqşünaslığının diqqət mərkəzindədir", kiçik elmi işçisi Dursun Əliyeva "Nizami Gəncəvi irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu", Gəncə Dövlət Regional Kollecin müəllimi Cəmalə Hacıyeva "Nizami Gəncəvi - Şərqin sönməz günəşi" mövzusunda çıxış etdilər. Onlar öz çıxışlarında bildirdilər ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Sonda Gəncə Dövlət Regional Kollecin müəllimi Səadət Səmii "Leyli və Məcnun" poemasının təhlilini etdi.