01.12.2020
“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”
Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda onlayn tədbir keçirdi. Tədbirdə Zərdab şəhər Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseyin şagirdləri iştirak etdi. Mərkəzin elmi işçisi Gülər Ellazova tədbir iştirakçılarını salamladı və bütün xalqımızı, həmçinin şagirdləri qazanılan tarixi qələbə münasibətilə təbrik etdi. O, öz çıxışında qeyd etdi ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək bildirdi ki, Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Azərbaycan ədəbiyyatında, müsiqisində, kinosunda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Bu proses Ulu Öndər tərəfindən daim təşviq edilmiş və dəstəklənmişdir. Azərbaycançılığın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük məsuliyyətlə və layiqincə həyata keçirir.
Zərdab şəhər Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseyin müəllimi Çinarə Fərəcova bu tədbiri təşkil etdikləri üçün Gəncə şəhər Heydər Əliyev Mərkəzinə təşəkkür etdi.