30.11.2020
“Qadın və qızlara qarşı zorakılığa son qoyaq”
30 noyabr 2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Gəncə, Sumqayıt, Göygöl, Ağstafa, Yevlax, Gədəbəy, Astara, Yardımlı, Şəki, Zaqatala, Oğuz, Kürdəmir, Sabirabad, Xızı, Hacıqabul, Salyan) birgə iştirakı ilə 25 noyabr-10 dekabr tarixlərində ölkəmizdə keçirilən Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində “Qadın və qızlara qarşı zorakılığa son qoyaq” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə bir sıra rayonların Heydər Əliyev Mərkəzlərinin nümayəndələri ilə yanaşı, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin eksperti Zülfiyyə Quliyeva da iştirak edib.
Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün tədbir iştirakçılarını salamladı və gender əsaslı məişət zorakılığının xüsusilə də COVİD-19 pandemiyası dövründə aktuallıq kəsb etdiyini, bu baxımdan müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin gender əsaslı zorakılıqla mübarizədə səmərəli vasitə olacağını diqqətə çatdırdı. Azərbaycanın haqq savaşında xüsusilə sərhədyanı və döyüş meydanından kənarda olan dinc yaşayış məskənlərinin erməni terror birləşmələri tərəfindən beynəlxalq qurumlar tərəfindən qadağan olunmuş ballistik raketlərdən atəş açılmasını və günahsız insanların öldürülməsindən, həmçinin Cəzair qətliamını törədərək insanlığa ləkə gətirən Fransa kimi ikibaşlı siyasət yürüdən ölkələrin erməni terror ölkəsinə dəstək verməsini, əslində Fransa kimi qətliamlarda əli olan ölkələrin insan hüquqlarından danışması dan mənəvi hüququ olmamasını diqqətə çatdırdı və ll Qarabağ savaşı zamanı dünyasını dəyişən və şəhidliyə ucalan hər kəsi böyük və dərin hörmətlə yad etdiyini vurğuladı. O, həmçinin ali baş komandan İlham Əliyevin sözlərini örnək gətirərək dünya ölkələrini ədalətli olmağa səslədi.
Tədbir iştirakçılarını Müvəkkil xanım Səbinə Əliyevanın adından salamlayan Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov Ombudsman təsisatının gender əsaslı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirdiyi fəaliyyəti diqqətə çatdıraraq qeyd edib ki, insan hüquqlarının tərkib hissəsi olan qadın hüquqları və gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” konvensiyasına qoşulması, qadın hüquqları sahəsində dövlət siyasətinin formalaşması, “Gender(kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan respublikası qanunlarının qəbul edilməsi və institutsional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır.
Tədbir iştirakçılarına həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlər barədə məlumat verən Səbuhi Abbasov qeyd olunan tədbirlərin bir sıra məsələlərlə yanaşı gender əsaslı zorakılığın da qarşısının alınması baxımdan əhəmiyyətini vurğulamışdır.
Tədbirdə çıxış edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin eksperti Zülfiyyə Quliyeva Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində təmsil etdiyi qurumun həyata keçirdiyi fəaliyyətləri, gender əsaslı zorakılılq mübarizə məqsədilə yaradılmış qaynar xətt nömrələrini diqqətə çatdıraraq, BMT-nin təşəbbüsünə verilən aktiv dəstəyə görə Ombudsman xanım Səbinə Əliyevaya təşəkkürünü bildirdi.
Tədbir iştirakçılar arasında mövzu xüsusi aktivliyi ilə seçilən Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova,Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova həmçinin digər iştirakçılar mövzu ətrafında geniş çıxış etdilər və onları maraqlandıran sualları Ombudsman Aparatının nümayəndələrinə yönləndirdilər. Verilən hər bir sual haqqinda ətraflı məlumat verildi. Sonda bütün şəhidlərin xatirəsi yad edildi.