Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Respublikanın Əməkdar Rəssamı Abdullayev Faiq Nağı oğlu vəfat edib

28.10.2020

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar Rəssamı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin sabiq müəllimi, təqaüdçü Abdullayev Faiq Nağı oğlu 28 oktyabr 2020-ci il tarixində 75 yaşında vəfat etmişdir.
Abdullayev Faiq  Nağı oğlu 09 may 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
O, orta təhsilini Gəncə şəhər 23 saylı orta məktəbdə almışdır.
Faiq  Abdullayev ilk ibtidai ixtisas təhsilini Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində almışdır.
1963-1968-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuşdur. 1969-1976-cı illərdə V.Muxin adına Leninqrad Ali Rəssamlıq Sənaye məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirmişdir.
1985-1986-cı illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, 1986-1991-ci illərdə Gəncə şəhər Arxitektura və İnşaat şöbəsində rəssam, 1996-1997-ci illərdə Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində direktor vəzifəsində, 1997-1998-ci illərdə Gəncə şəhər Tərtibat, Reklam və Dizayn şöbəsində rəssam işləmişdir.
1998-1999-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” Bədii Yaradıcılıq İstehsalat Mərkəzində rəssam işləmişdir.
1999-2011-ci illərdə Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində müəllim işləmişdir.
Sərgiləri: Bakı şəhəri (1995), Ukrayna Respublikasının Odessa şəhəri (2003), Şəmkir rayonu (2015), Gəncə şəhəri (2015).
Təltiflər: Odessa şəhərinin fəxri fərmanı (2003), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı (2005), Gəncə şəhər İcra Hakimiyyətinin fəxri fərmanı (2015).
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ona “Respublikanın Əməkdar Rəssamı” fəxri adı verilmişdir.
Allah rəhmət eləsin.