26.02.2020
Samux rayon Mərkəzi Kitabxana Sisteminin oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə “Xocalıda can qaldı” mövzusunda tədbir keçirildi. Tədbir Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşdu.
Ilk növbədə oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva Xocalı soyqırımında həlak olanların xatirəsini bir dəqiqəlik sükütla yad etməyi iştrakçılardan xaiş etdi.
Sonra o, Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı, erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq.
Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva, çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kompaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Daha sonra oxucuya xidmət şöbəsinin multi-mediya mütəxəssisi Elnurə İmamquliyeva “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi proyektor vasitəsi ilə nümayiş etdirdi.
Sonda Xocalı soyqırımına həsr edilmiş “Bu qan yerdə qalmamalıdır!” adlı sərgiyə baxış keçirildi.