25.02.2020
Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xocalı rayon Mədəniyyət evində tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, rayon idarə, müəssisə rəhbərləri, məktəbli şagirdlər, Xocalı sakinləri iştirak etdi. Əvvəlcə rayon Mədəniyyət evinin qarşısında hazırlanmış rəsm sərgisinə baxış keçirildi. Ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra sənədli film nümayiş olundu. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev bildirdi ki, Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Xocalı faciəsinin canlı şahidi, 20 gün əsirlikdə qalmış Məmməd Nağıyev çıxışında bildirdi ki, həmin müdhiş gecə bütün Xocalı sakinləri kimi onun da xatirində acı izlər buraxıb. Erməni speratçıları "böyük Ermənistan" yaratmaq xülyası ilə işğalçılıq siyasəti yürütdülər, günahsız insanları qətlə yetirdilər. O, əsirlik zamanı xalqımıza qarşı edilən işgəncələrdən danışdı.
Sonda Xocalı rayon Mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş etdirildi.