21.02.2020
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon 1 saylı orta məktəbi ilə birgə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “XX əsrin faciəsi” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə rayon 1 saylı orta məktəbin direktoru Səidə Məmmədova çıxış edərək bildirdi ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Bədəlova, tarix müəllimi Xəzəngül Əliyeva və muzeyin baş fond mühafizi Ulduz Bağırova da çıxışları zamanı Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşərək onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.
Sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar və mahnılar vasitəsilə ifadə ediblər.