20.02.2020
Gəncə şəhəri Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzdə yerləşən 16 №-li kitabxana filialı və 29 №-li orta məktəbi birlikdə 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş “Mən sevirəm Azərbaycan elini, Öyrənirəm onun şirin dilini” başlığı altında ədəbi-bədii kompozisiya təşkil etdi.
Tədbirdən əvvəl mərkəzin bələdçisi Sevinc Əhmədova şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi.
Tədbiri açıq elan edən Mərkəzin direktor əvəzi İlknur İsgəndərova öz çıxışına Ulu Öndər Heydər Əliyevin dilimizlə bağlı müdrik kəlamı ilə başladı: “Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Sonra o, 21 fevral Beynəlxalq Ana dili günü haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva “Ana dili milli varlığımızdır” mövzusunda çıxış edərək dilimizin çox zəngin və tarixi köklərə malik olduğunu qeyd etdi. O, bildirdi ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafına qayğı hər zaman olmuşdur. Ümummilli lider Heydər Əliyev ana dilinə yüksək qiymət verərək bidirmişdir: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.”
Mərkəzin elmi işçisi İlahə Məmmədova “Günəşimdir mənim dilim” mövzusunda çıxış edərək qeyd etdi ki, Azərbaycan dili klassik və müasir şair və yazıçılarımızın yaradıcılığında ön planda olmuş, onlar bu dildə dünya ədəbiyyatına örnək olacaq əsərlər yazmışlar.
Böyük kitabxanaçı Mirvari Cəfərova “Ana Vətənimin anası dilim” adlı çıxışında Azərbaycan dilinin tarixi mənşəyi, yaranması və müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində dünyada qəbul olunması haqqında danışdı. O, qeyd etdi ki, bizim dilimiz xalqın mənəvi sərvəti olmaqdan əlavə, insanların fikrini, zövqünü tərbiyə edən çox güclü vasitədir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin dil haqqında çıxışı video-çarxla nümayiş olundu. Sonra 29 №-li orta məktəbin 3-cü sinif şagirdləri “Sizə salam gətirmişəm” mahnısını oxudular. Məktəbin 4-cü sinif şagirdi Məhərrəm Hüseynov tarda “Bayatı-Şiraz” və “Əsgərin ariyasını” ifa etdi. 4-cü sinif şagirdləri Müslüm Moqamayevin “Azərbaycan” mahnısının sədaları altında kompazisiya ilə çıxış etdilər. 2-3-cü sinif şagirdləri Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasından qızların rəqsini ifa etdilər. Şagirdlər “Ana dilimizi sevək, sevdirək” adı altında şeirlər söylədilər, Emin Sabitoğlunun “Şirin dil” mahnısını oxudular və “Göy qurşağı” rəqs ilə çıxış etdilər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.