03.02.2020
Gəncə şəhər Heydər Əliyev Mərkəzi Mərkəzi Kitabxana Sisteminin 16 №-li kitabxana filialı ilə birgə 2 fevral Azərbaycan Gənclər günü ilə əlaqədar “Gənclər gələcəyimizin qurucularıdır” adlı dəyirmi masa keçirdi.
Tədbirdən əvvəl mərkəzin bələdçisi Könül Süleymanova gənclərə Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu haqqında geniş məlumat verdi.
Tədbirdə ADAU, Gəncə Regional Kollecin tələbələri iştirak etdilər. Tədbiri giriş sözü ilə MKS-nın 16 №-li kitabxana filialının müdiri Lyudmila Axundova açaraq gəncləri təbrik etdi və bu gün haqqında qısa məlumat verdi.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bu gün Azərbaycanda sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət gənclər siyasətinin prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bildiyimiz kimi prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.
ADAU-nun tələbəsi Fəridə Zeynalova “Sağlam düşüncəli gənclərimiz”, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva “Müasir Azərbaycanın inkişafında gənclərin rolu”, MKS-nın 16 №-li kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova “Gənclər və kitabxana” mövzusunda çıxış etdilər.
Çıxışlar ətrafında qoyulan suallara gənclər öz fikirlərini bildirdilər.