30.01.2020
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş “Vətən mücahidləri” layihəsi əsasında həsr edilmiş kitabların birinci və ikinci cildlərinin təqdimat mərasimi keçirildi.
Kitabların tərtibçiləri Gülnarə Sadiq, Manya Səxavətqızı və Aysel Nəsirzadə çıxış edərək kitabdakı şəhidlər haqqında məlumat verib, onların ruhuna dualar oxudular.
AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova çıxış edərək 2016-cı ilin Aprel döyüşlərində ordumuzun gücünün, qüdrətinin yenilməməzliyinin bariz nümunəsini gördüyümüzdən bəhs etdi. O, əmin olduğunu bildirdi ki, Vətənimizin igid, qəhrəman oğullarının şücaəti ilə torpaqlarımız geri qaytarılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Yazıçı Qərib Mehdi şəhidlərimizin şərəfli ölümündən danışaraq bildirdi ki, biz yazıçılar şəhidlər haqqında nə qədər yazsaq da yenə azdır. Şəhid ailələrinə diqqət və ehtiram hər birimizin vətəndaşlıq borcudur.
Şair və yazıçılardan Sahib İbrahimli, İnqilab İsaq, Zaur Quliyev, Fazil Sənan, Aləmzər Əlizadə, Eltun Türkel, Zülfiyyə Yaqubqızı, Vüsal Beydullayev, Əmrah Tənha və Gəncə Dövlət Dram Teatrının artisti Vasif Vəsfinur öz çıxışlarında şəhidlərin ruhunun daim yad edilməsindən danışdılar və onlara həsr etdikləri şeirlərini oxudular.
Mərasimdə şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, şəhid Vaqif Bayramovun qardaşı Ədalət Bayramov, şəhib Sərxan Bağırovun anası Aytəkin Bağırova, şəhid atası elçin Əsədli, şəhid polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov öz çıxışlarında bildirdilər ki, bizdən ötrü əzizlərimizin itgisi nə qədər ağır olsa da, onunla təsəlli tapırıq ki, balalarımız Vətən uğrunda şəhid olub. Torpaqlarımızın geri qaytarılması bizim üçün ən böyük təsəlli olacaqdır.