Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayon Mədəniyyət evində anım günü

18.01.2020

Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
Xocalı rayon Mədəniyyət Evində keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş bu qırğının əsas səbəbi o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının SSRİ tərəfindən dəstəklənməsi və o vaxtkı Azərbaycan rəhbərliyinin apardığı xəyanət siyasətinə qarşı etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının haqq səsini boğmaq idi.
Sonra "20 Yanvar - Xalqımızın qan yaddaşı adlı" sənədli qısametrajlı sənədli filmə baxıldı. 
Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında bildirdi ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmışdı.  
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov  bildirdi ki,  1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər.
Sonda Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə, Kosalar kənd mədəniyyət evinin hazırladığı  "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.