25.12.2019
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin 50 illik yubiley gecəsi Gəncə şəhər Kəlbəcər Mədəniyyət Sarayında təntənəli şəkildə keçirildi.
Yubiley gecəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov çıxış edərək öz təbrikini bildirdi və Dövlət Başçısının diqqət və qayğısından danışdı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev çıxış edərək məktəbin kollektivinin yubiley münasibəti ilə təbrik etdi. Regional idarənin fəxri fərmanını və hədiyyəsini təqdim etdi. O, arzu etdi ki, məktəbin növbəti yubileyləri Kəlbəcərdə keçirilsin.
Yubiley gecəsində məktəbin fəaliyyətini əks etdirən slayd nümayiş etdirildi.
Gecədə həmçinin məktəbin qocaman müəllimlərindən Bahadur Sadıqov, Zahid Əmiraslanov, Kəlbəcər rayon Mədəniyyət şöbəsinin sabiq müdiri Saday Musayev və başqaları çıxış etdilər.
Yubiley gecəsində məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı maraqlı konsert proqramı təqdim etdi.
Müğənnilər məktəbin məzunları Anar Hümbətov, Şəmsi İmanov, müəllimlərdən Baloğlan Məhəmmədov, Səfər İdrisov, Tariyel Vəliyev, şagird Elgün Əlbəndov şən və oynaq mahnılar təqdim etdilər.
Məktəbin müəllimləri Elçin Kərimov, Saday Əhmədov, Asif Quliyevin ifasında “Şirvanşah” kompozisiyası, xor kollektivinin ifasında isə “Nəsimi” kompozisiyası, konsert proqramı “Qarabağ şikəstəsi” ilə başa çatdı.