13.12.2019
13 dekabr 2019-ci il tarixində Bakı şəhərində “Yarat” Müasir İncəsənət Məkanında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “Yarat” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650-illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında İntellektual Turnirin final mərhələsi keçirilib.
Finalda Regional Mədəniyyət İdarələrinin nümayəndələri, mədəniyyət könüllüləri, “Yarat” Müasir İncəsənət Məkanının təhsil layihələr üzrə menecer Ruqiyyə Salmanova, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov və digərləri iştirak ediblər.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirki ki, turnirin məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir.
Mərkəzin əməkdaşı Ceyhun Əhmədovun müəllifi olduğu “İntellektual oyunların keçirilmə qaydaları” adlı metodiki vəsaitin təqdimatı keçirilib.
Xatırladaq ki, Turnirin ilk mərhələsi cari ilin 1 oktyabr tarixində Şamaxı şəhərində, ikinci mərhələsi 25 oktyabr tarixində Lənkəran şəhərində, üçüncü mərhələsi isə 19 noyabr tarixində Gəncə şəhərində keçirilmişdir. Final mərhələsinə məhs Bakı, Sumqayıt, Xəzər, Masallı, Gəncə komandaları, ADPU-nın Şamaxı filialının, Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyət könüllülərinin təmsil edən komandaları vəsiqə qazanmışdır.
Finalda 7 komanda, ənənəvi olaraq, Azərbaycan və dünya mədəniyyətinə həsr olunmuş suallara cavab verməli idi. Oyunun qalibi 16 sualını cavablandıran Gəncə Regional Mədənyyət İdarəsinin komandası olub. İkinci yerdə Gəncə Dövlət Universitetinin könüllüləri 15 düzgün cavabla, üçünçü yerdə isə 13 sualı cavablandıran Sumqayıt Regional Mədəniyyət İdarəsinin komandası olub.
Qalib komandalar diplom və dəyərli hədiyyə ilə təltif olunublar. Bundan əlavə olaraq tədbir çərçivəsində ilin gənc mədəniyyət işçiləri 5 nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Belə ki, “Fəaliyyətində innovativ yanaşmaların tətbiqi” nominasiyası üzrə Pərvin Nəzərəliyeva (Gəncə şəhəri), “Milli mədəniyyətin təbliği üzrə sosial şəbəkələrdə göstərdiyi fəallığa görə” nominasiyası üzrə Xəyyam Məlikov, “Təşəbbüskar gənc mədəniyyət işçisi” nominasiyası üzrə Əhliyyət Əliyev, “Perspektivli gənc mədəniyyət işçisi” nominasiyası üzrə Elməddin Feyzullayev və “İşgüzar mədəniyyət işçisi” nominasiyası üzrə Gədəbəy rayon Heydər Əliyev Mədəniyyət Mərkəzinin direktoru Pərviz Bayramov təltif olunub.