Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlər davam edir.
Beləliklə, 18-22 noyabr 2019-cu il tarixlərində “Muzey ekspozisiya şöbələrinin əməkdaşlarının bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili kursu”, “Kreativ peşə səriştələri”, “Nitq mədəniyyətinin formalaşdırılması” və “Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzularında yeni tədris modulları əsasında hazırlanmış növbəti kurslara start verilib. Gəncə Dövlət Universitetində, Məhsəti Gəncəvi Mərkəzində, Gəncə şəhər Uşaq incəsənət məktəbində, Mir Cəlal Paşayevin Ev Muzeyində və Gəncə şəhər MKS-də keçiriləcək təlimlərə Şəki, Ağcabədi, Bərdə, Ağstafa və Kürdəmir Regional Mədəniyyət İdarələrinin nəzdində olan muzey əməkdaşları qatılıb.
Nəzakət Rəhmanovanın kurator olduğu “Nitq mədəniyyətinin formalaşdırılması” mövzusunu əhatə edən təlimdə dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri, Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti, çıxış mətnlərinin hazırlanma qaydaları, kimi biliklərə yiyələnmişdir.
“Muzey ekspozisiyası” mövzusunda keçiriləcək təlimdə iştirakçılar ekspozisiya işinin təşkilində ilkin biliklər, fond şöbəsi ilə əlaqəli işin aparılmasında əşyaların qəbulu və təhvilinə dair uçot qaydaları, ekspozisiyanın bədii tərtibat mərhələləri, təqdimatı, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər qazanıblar. Kurs kuratoru - Pakizə Almazova. Kursu Məhbubə Əbilova, Samira Cəlilova təqdim ediblər.
“Kreativ peşə səriştələri” kursunda isə dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər əldə ediblər. Kurs kuratoru - Pərvanə Hüseynova. Kursu Pərvanə Hüseynova və Ceyhun Əhmədov təqdim ediblər.
“Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzusunda keçiriləcək təlimdə iştirakçılar fandreyzinqin tarixi haqqında məlumatlar, mədəniyyət müəssisələrində fandreyzinqin vacibliyi mövzusunda biliklər, mədəniyyət sahəsində fandreyzinqin mərhələləri ilə tanışlıq, fandreyzinq strategiyasının inkişafı ilə bağlı məlumatlar, mədəniyyət müəssisələrinin donorlarla qarşılıqlı əlaqəsinin ümumi mexanizmi, layihələrin tərtib edilməsi metodikasını və bununla bağlı digər mövzuları öyrənilib. Kursu, kurator Aygün Hüseynova təqdim edib.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunan peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tarafdaşlar arasında Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Azərtac” Dövlət Agentliyi, AMEA-nın müxtəlif institutları və digər qurumlar yer alır.
Xatırladaq ki, bu günə qədər Mərkəz tərəfindən Gəncə, Lənkəran, Şamaxı və Bakı şəhərlərində 6 təlim kursu uğurla həyata keçirilib.