Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi açılıb

10.11.2019

Noyabrın 8-də Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak ediblər. Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı 12 metr hündürlüyündə havaya qaldırılıb. Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Xarkov merinə təşəkkürünü bildirib. Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və beynəlxalq münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək mərkəzin əhəmiyyətindən danışıblar. Daha sonra mərkəzin rəmzi açılışını bildirən qırmız lent kəsilib. Açılış zamanı Kiyev Texnologiya və Dizayn Milli Universitetinin aspirantı Elnarə İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova, Gəncə Dövlət Texnologiya Universitetinin dissertantı Hicran Ramazanova qonaqlara Qarabağ xanlığının milli geyimlərinin təqdimatını ediblər. Tədbir Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam edib.