Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində Nəsimi günü

22.10.2019

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib. AYB Gəncə bölməsində, Gəncə şəhər 32 saylı tam orta məktəblə birgə hazırlanan tədbiri giriş sözü ilə açan AYB Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova İmadəddin Nəsimi dühasının 650 ildir ki, bəşəriyyəti heyrətdə qoyduğunu söylədi. O, qeyd edib ki, cəmi 48 il ömür sürən görkəmli Azərbaycan şairinin yaradıcılığına baş vuranda, onun qeyri-adi zəkasının, dövrünün ictimai siyasi baxışlarına olan fəal münasibət və bu baxışları idrak süzgəcindən keçirərək özü üçün fərqli ideyaların mənbəyini və bu fikirlərin daxili mahiyyətini kəşf etməyə qadir olduğunu sübut edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu ili “Nəsimi ili” elan edilməsi xalqımızın məhəbbət və minnətdarlıq sevincinə səbəb olub. Sonra Gəncə şəhər 32 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynəb Abbasovanın rəhbərliyi ilə hazırlanan kompozisiyaya baxılıb. Məktəblilər Nəsiminin şerlərini rus, ingilis, ərəb dillərində əzbər söyləyiblər. Böyük yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərinin məna mahiyyətinin hələlik tam açılmadığını bildirərək, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu bildirib. Şairlərdən Ramiz Təmkin, Aləmzər Əlizadə, Ofelya Mədətqızı, İmamverdi Məmmədov, Rəhim Qurbani, Oktay Abdulla, Zaur Quliyev, Bayram Göyçəli, Qivami Qazıyev, İlham Musaoğlu, Əlipolad Rzayev, Həsənalı Abbaslı, Minayə Abdullayeva, Zülfiyyə Yaqubqızı Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar. Teatrşünas Anar Bürcəliyev 32 saylı məktəb şagirdlərinin kompozisiyasını yüksək dəyərləndirib və ifalarına görə onları təbrik edib. Gəncə şəhər Mərkəzi kitabxananın müdüri Elmira Əliyeva tədbirin onda gözəl duyğuların canlanmasında və ruhunun qanadlanmasına qida mənbəyi rolunu oynadığını söyləyib. Tədbirin sonunda iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə tamaşa etdilər.