27.12.2017
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 4 №-li Uşaq Musiqi Məktəbinin 50 illik yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru İntizar Qafarova açaraq bütün iştirakçıları salamladı. Məktəbin 50 illik tarixinə qısa ekskursiya olundu. Əldə olunan nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbirdə iştirak edən Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov regional idarənin rəisi Sənan Hacıyevin adından tədbir iştirakçılarını salamlayaraq, məktəbin pedaqoji kollektivini yubiley münasibəti ilə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi.
Sonra məktəbin qocaman müəllimlərindən, dərs hissə müdiri Sahibə Qarayeva, nəzəriyyə müəllimi Tamella Məmmədova, fortepiano şöbəsinin müdiri Svetlana Hüseynova, tar müəllimləri Arif İsmayılov, Firuddin Qurbanov səmərəli əmək fəaliyyətlərinə görə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə fəxri fərmanla təltif edildilər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun Prezidenti, Respublikanın I Vitse Prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə olan diqqət və qayğısı xüsusi vurğulandı. Həmçinin Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin son illərdə Gəncədə aparılan geniş miqyaslı, abadlıq, quruculuq işləri nəticəsində, Gəncənin müasir şəhərə çevrilməsi minnətdarlıq hissi ilə qeyd olundu.
Yubiley tədbirinin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı.
Məktəbin şagird və müəllimlərinin birgə iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu. Məktəbin xor kollektivi, “Fidanlar” muğam qrupu, vokal qrupu, müəllimlərdən ibarət ansamblı çıxış etdi.
Sözləri və musiqisi məktəbin fortepiano müəllimi Sevil Məmmədovaya məxsus olan “Əlli yaşlı məktəbim” mahnısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Yubiley tədbiri “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatdı.