11 oktyabr 2019-cu il tarixdəHeydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı birlikdə, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev irsinin təbliği ilə əlaqədar “Siyasət elminin dahisi” mövzusunda oxucu konfransı keçirdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllimləri, I və II kurs tələbələri iştirak edirdi.
Tədbirdən əvvəl, mərkəzin əməkdaşı Əhmədova Sevinc iştirakçılara, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verdi.
Böyük kitabxanaçı Mirvari Cəfərova,qədim və zəngin dövlətçilik ənənələrinə malik olan, hər zaman öz tarixi şəxsiyyətləri ilə seçilən Azərbaycanın görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi, elm, mədəniyyət xadimlərindən, bu tarixi şəxsiyyətlər sırasında xüsusilə misilsiz bir mövqe tutan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən qısaca bəhs etdi. Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Vətənə, dövlətə, xalqa sədaqət andı”, GDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Dünyanın ən böyük azərbaycanlısı”, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva “Heydər Əliyev və onun qurduğu müasir Azərbaycan”, GDU-nun xarici dillər fakultəsinin YAP Gənclər birliyinin sədr müavini, II kurs tələbəsi Ayxan Zeynalov “Ürəklərdə əbədi yurd salan insan” mövzusunda çıxışlar etdilər. Onlar qeyd etdilər ki, Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin şah əsəridir.
Tədbir boyu iştirakçılar mövzu ilə bağlı fikirlərini bildirdilər və onları maraqlandıran suallara ətraflı cavab verildi.