Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayonunda 18 sentyabr – Milli Musiqi günü ilə bağlı tədbir keçirildi

18.09.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzinin önündə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli musiqi günü münasibətilə tədbir keçirildi. Tədbirin iştirakçılarına bildirildi ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoryasının rektoru, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi olmuş Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə dünyaya gəlmişdir. Uşaqlığı Qafqazın konservatoryası Şuşada keçən Üzeyir Hacıbəyli xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir. Şuşada, Tiflisdə, Moskvada, San-Peterburuqda təhsil alan bəstəkar bir-birinin ardınca muğam operaları yazır. 1908-ci ildə Şərq aləmində opera sənətinin əsasını qoyaraq "Leyli və Məcnun" operasını yazır. Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. "O, olmasın, bu olsun", "Arşın mal-alan" musiqili komedyaları dünyanın bir çox ölkələrində səhnələşdirilmişdir. Üzeyir yaradıcılığının zirvəsi "Koroğlu" operası sayılır. O, 300 dən çox xalq mahnısını toplayıb nota salır. Marş, kantata, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazır. 1924-cü ildə Üzeyir bəy muğamlarımızın əsaslı öyrənilməsi üçün "Azərbaycan xalq musiqisinin əsasları" adlı dərslik hazırlayır və həmin fənnin konservatoriya tələblərinə tədris olunmasının vacibliyini bildirir. "Muğam gözəlliyin və məhəbbətin rəmzidir" bu sözlərin müəllifi Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işləri təqdirə layiqdir. "Muğam" jurnalının, "Muğam ensiklopediyası" nın nəşri Azərbaycan xalqına məxsus zəngin sənətin təbliğində böyük əhəmiyyətə malikdir. Azərbaycan xalqının zəngin mədəniyyət xəzinəsinin qiymətli numunələrinin UNESKO-nun qeyri maddi-irsi siyahısına salınması və son günlərdə Şəki Xan Sarayının və qala divarlarının bəşəri status alması bunun bariz nümunəsidir. Milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilr.