Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Yaylaq Festivalı”

26.07.2019

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Gəncə-Qazax İqtisadi rayonunun ərazisində ölkəmizin ən şəfalı dağlıq rayonlarından olan Gədəbəyin Düzyurd Miskinli yaylağında Milli Yaylaq Festivalının açılış mərasimi oldu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “Cavad xan” Tarix və Mədəniyyət Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən geniş miqyaslı el şənliyində Gəncə Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Dram Teatrı, eləcə də Gəncə şəhərində yaşayıb-yaradan dekorativ tətbiqi sənət ustaları təmsil etdilər. Açılış mərasimində Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında “Gəncənin tarixi şəxsiyyətləri” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi. 3 gün ərzində keçiriləcək festivalda Gəncə Dövlət Dram Teatrı “Cavad xan” və “Məhsətinin urfan məclisi” adlı ədəbi-bədii kompozisiyaları təqdim edəcəkdir. Gəncə Dövlət Kukla Teatrı isə festival iştirakçılarına dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Məşədi İbad” tamaşasındakı bir hissəni təqdim edəcəkdir. Festivalda həmçinin gəncəli dekorativ tətbiqi sənət ustaları Məhbubə Həsənovanın, ağac üzərində oyma ustası Saləddin Məhərrəmovun və Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mədəniyyət Mərkəzinin sərgiləri iştirakçılara təqdim ediləcəkdir.