Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans

16.07.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Gəncə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil etdi. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, bu prosesdə respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunması idi. Konfransda Gəncə şəhəri ilə yanaşı ətraf rayonların icra hakimiyyəti orqanlarının, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, fəal qadınlar, sahibkarlar və gənclər iştirak etdi. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini cənab Elnur Rzayev çıxış edərək şəhər İcra Hakimiyyəti Başçısı adından konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar söylədi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğu haqqında danışdı. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Konfransda iştirak edən Naftalan şəhər, Goranboy, Samux, Göygöl, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Gədəbəy rayon İcra Hakimiyyətlərin rəsmi nümayəndələri və digər qonaqlar çıxış etdilər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Respublikası I Vitse Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə insan hüquqları sahəsində gördükləri uğurlu işlər xüsusi vurğulandı. Konfransın sonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya ad günü münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Elnur Rzayev şəhər rəhbərliyi adından, gəncəlilər adından və bütün konfrans iştirakçıları adından səmimi tədriklər söylədi. Sonda konfrans iştirakçılar xatirə şəkli çəkdirdilər.