Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə ’Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğat konserti baş tutub

15.07.2019

"Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğat konserti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil edilib. Konsert proqramında “Bakı-2019” AGOF könüllülərinin ulduz səfirləri: aparıcı və xeyriyyəçi Hacı Nuran, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, habelə “O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova iştirak ediblər.

Tədbirdə iştirak edən “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının korporativ direktoru Elçin Səfərov qeyd edib ki, zəngin idman ənənələrinə sahib olan Azərbaycanda son illərdə keçirilən beynəlxalq idman yarışları, ölkə əhalisinin idmana olan marağının artmasına səbəb olub. “Gəncə şəhəri hər zaman Azərbaycanın idman mərkəzlərindən biri olub, bizim bir çox istedadlı idmançılarımız məhz bu şəhərdə doğulub, idman sahəsində ilk addımlarını burada atıblar. Gəncənin 2019-cu il üçün Avropanın idman Şəhəri titulunu daşıdığını nəzərə alaraq, Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində burada da konsert proqramı təşkil etməyi düşündük. Ümid edirik ki, növbəti illər ərzində də biz Azərbaycan bayrağını ucalara qaldıran bir çox Gəncə yetirmələri görəcəyik”, - deyə o qeyd edib.

Tədbirin keçirilməsində əsas məqsəd Avropa Gənclər Olimpiya Festivalının dəyərlərini, habelə idman və sağlam həyat tərzini əhali arasında təbliğ etməkdir.

Könüllülər də öz növbələrində tədbirin keçirilməsində mühüm rol oynayıblar. Onlar tədbirin təşkil olunmasında, qonaqların qarşılanması və yerləşdirilməsində, logistika işlərində yaxından iştirak edib, gələn qonaqları festival haqqında ətraflı məlumatlandırıblar.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin müəssisələrinin kollektivləri də iştirak edirdilər.