27.05.2019
Xocalı rayon Mədəniyyət evində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov, o cümlədən idarə müəssisə təşkilat rəhbərləri və işçiləri iştirak etdilər.
İlk öncə Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Lamiə Qarayeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlərdən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayışıdı ilə əldə olunan uğurlardan, dövlət quruculuğundan danışdı.
Xocalı rayon Kosalar kənd tam orta məktəbin tarix müəllimi Akif Rüstəmov bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu Respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov bildirdi ki, Çar İmperiyasının çevrilməsindən sonra Azərbaycanın ziyalı şəxslərinin fəallığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Hər bir xalq üçün müstəqil dövlət əvəzolunmaz sərvət olmaqla bərabər, onun şöhrəti və şərəfidir. XX əsrin əvvəllərində itirilmiş müstəqilliyi Azərbaycan yenidən həmin əsrin sonlarında qazandı. Lakin tarixin bütün mərhələlərində aydın olmuşdur ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaq, ona nail olmaq daha çətin proseslərdən keçir, qarşıya müxtəlif maneələr çıxır. Ümummilli liderimiz, dünya siyasətçisi, böyük təcrübə və təfəkkür sahibi Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətini, Azərbaycan xalqını xilas etdi. Müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Azərbaycanın xilası, inkişafı və müstəqilliyi üçün, ölkəmizi beynəlxalq arenada şərəflə təmsil edən həmişəyaşar dahi şəxsiyyət - Heydər Əliyevi qədirbilən xalqımız tarixlər boyu unutmayacaqdır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın inkişafı yeni vüsət almışdır.
Sonda Xocalı rayon Kosalar, Yaloba və Başkənd tam orta məktəbi kollektivinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və süqutuna həsr olunmuş kompozisiyası təqdim edildi.